Azərbaycan Respublikasının Britaniyadakı Səfirliyinin dəstəyi və Londonda fəaliyyət göstərən “Natavan Group UK” adlı diaspor təşkilatının təşəbbüsü ilə şəhərin mərkəzi küçələrində Azərbaycan həqiqətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzünə aid şüarlar “mini van” tipli maşın vasitəsilə nümayiş etdirilib.

“Natavan Group UK” diaspor təşkilatının həmtəsisçisi, Londonda yaşayan həmyerlimiz, skripkaçı Səbinə Rakçeyeva bildirib ki, “31 March Genocide Day of Azerbaijanis – 1918”, “Free us from landmines”, “Urbicide in Aghdam, Azerbaijan”, “Territorial integrity matters”, “Ecocide in Karabakh, Azerbaijan”, “İ.Aliyev: “Shusha, Karabakh – Cultural capital of Azerbaijan” kimi şüarların bir gün ərzində London küçələrində maşın vasitəsilə videonümayişi təşkil olunub.

Bu təşəbbüs Britaniya cəmiyyətində 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımına, eləcə də Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən işğal dövründə Qarabağda mədəni və ekoloji terror törətməsi, 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, habelə Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə təqdim etmədiyinə görə bu gün də işğaldan azad edilmiş ərazilərdə insanların həlak olması kimi məsələlərə diqqət çəkmək məqsədi daşıyır.

Ölkəmizin Britaniyadakı səfiri Tahir Tağızadə isə qeyd edib ki, Azərbaycan həqiqətlərinin Britaniya ictimai və siyasi dairələrində təbliği səfirliyin fəaliyyətinin prioritet istiqamətidir və səfirlik bu məqsədə yönəlmiş belə faydalı diaspor təşəbbüslərini hər zaman dəstəkləməyə hazırdır.