1964-cü ildən ənənəvi olaraq hər il mart ayının son həftəsi Türkiyədə “Kitabxana həftəsi” kimi qeyd olunur. Məqsəd xalqı kitablar, kitabxanalar və oxu mədəniyyəti, dünya kitabxanalarındakı önəmli inkişaf haqqında maarifləndirməkdir.

Bu il Türkiyədə 57-ci dəfə keçirilən “Kitabxana həftəsi”nə martın 29-da start verilib. Aprelin 4-ə qədər davam edəcək silsilə tədbirlərin şüarı “Çağları aşan söz”, loqosu isə Göytürklərdən qalma Kültıgin (Köl Tigin) abidəsi, Bilge Kağan (Xaqan) və Tonyukuk abidələrindən ilhamlanaraq müdrikliyi, təcrübəni yaşadan, uzun ömrü simvollaşdıran tısbağa fiquru şəklində hazırlanıb. Məlumdur ki, türk dilinin ilk yazılı mənbələrindən olan Kültıgin abidəsi tısbağa şəklində daş döşəməyə qoyulub.

Qeyd edək ki, 57-ci “Kitabxana Həftəsi”nin açılış mərasimi martın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə Prezident Milli Kitabxanasının konfrans salonunda keçirilib. Həftənin digər tədbirlərinin Türkiyə Milli Kitabxana konfrans salonunda və Mədəniyyət və Turizm Nazirliyinə bağlı kütləvi kitabxanalarda keçirilməsi nəzərdə tutulub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirləri @etkinkutuphane səhifəsinin Facebook, Twitter, İnstagram ve YouTube kanalları üzərindən də canlı izləmək mümkün olacaq.

Nazirliyin bu il üçün xüsusi layihəsi də sonrakı illərdə keçiriləcək tədbirlərin mövzusunu və konsepsiyasını www.kutuphanehaftasi.org saytı vasitəsi ilə elan edərək ölkədə geniş yayılmış bayram proqramları təşkil etməkdir.

Bundan əlavə, bu il inşasına başlanan 14 yeni kitabxana layihəsi ilə birlikdə yaxın zamanda 4 yeni ticarət mərkəzi kitabxanaları oxucularla görüşəcək. Digər tərəfdən, kütləvi kitabxanalardakı kitabların sayının 21 milyonu keçməsinə nail olunub.

Məlumatda nazirliyin yeni layihələrindən də bəhs olunub. Bunlar e-kitab platforması olan və özəl sektorun rəqəmsal məhsullarını da əhatə edəcək “elektron kitabım” mobil tətbiqi, ən qabaqcıl onlayn kitabxana olan "Kitabxanam cibdə" mobil tətbiqi və Türkiyənin ilk beynəlxalq ədəbi və nəşriyyat onlayn tanıtım portalı – readturkey.gov.tr veb-səhifəsinin çox qısa müddətdə təqdim olunmasıdır.

Mehparə SULTANOVA
Ankara