Soyqırımı qurbanlarının xatirəsi Şuşada yad edilib

1918-ci ilin yazında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən amansız soyqırımının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım mərasimləri təşkil edilib.

Soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, müxtəlif sərgilər təşkil olunub, bədii və sənədli filmlər nümayiş etdirilib.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şuşa şəhərində hərbi qulluqçularla anım mərasimi keçirilib.

Tədbirdə soyqırımı qurbanlarının xatirəsi anılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasət, bu sahədə görülən işlərdən danışılıb.

Müdafiə Nazirliyi tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film də hazırlanıb.