“Bu, mənim üçün böyük bir qürur və şərəfdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Selçuk Bayraktar Prezident İlham Əliyevi Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik edib, şəhidlərimizin xatirəsini anıb.

Dövlətimizin başçısı Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusi vurğulayıb. Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğulayıb, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd edib.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ” ordeni ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də, bu, mənim üçün böyük bir qürur və şərəfdir”.