Mərakeşin Rabat şəhərində keçirilən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Komitəsinin 41-ci sessiyası başa çatıb.

Təşkilatın mənzil-qərargahından bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə İCESCO-nun Baş Konfransının 14-cü və İcraiyyə Komitəsinin 42-ci sessiyasının bu ilin dekabrında Misirin paytaxtı Qahirədə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İCESCO-nun Baş Konfransının sessiyaları 3 ildən bir keçirilir. 2015-ci ildə 12-ci sessiya Bakıda keçirilmişdi.

İcraiyyə Komitəsinin iki gün (30-31 mart) davam edən sessiyasında İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın 2019-2020-ci illərdə fəaliyyətinin yekunları, yaxın illərdə həyata keçiriləcək layihələr barədə məlumat verib. Qeyd edib ki, təşkilatın xətti ilə İslam ölkələrinin nüfuzlu universitetlərində və mədəniyyət institutlarında elmi tədqiqatlar üzrə bölmələr açılacaq. Baş direktor diqqətə çatdırıb ki, bu məqsədlə Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Universiteti 500 min dollar vəsait ayırıb.

Yekunda İCESCO-ya üzv ölkələrin milli komissiyalarının iştirakı ilə təşkilatın Baş Direktorluğunun hazırladığı bir neçə inzibati və hüquqi sənədi, ötən ilin yanvarında Əbu-Dabidə keçirilmiş 40-cı iclasında təqdimatı olmuş təşkilatın yeni strukturu təsdiq edilib.