“Dünya Səhiyyə Təşkilatı bildirir ki, pandemiyanın bitməsi üçün dünya əhalisinin 70 faizi vaksinasiyadan keçməlidir”.
Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, elmi rəqəmlərdir: “Biz əvvəlcə əhalimizin 10 faizini vaksinasiya ilə əhatə edən müqaviləni GAVİ təşkilatı ilə bağlamışdıq. Sonra əhalimizin daha 10 faizini əhatə edə biləcək 4 milyon doza vaksini Türkiyə vasitəsilə Çindən almaqla bağlı müqavilə imzaladıq. Hazırda bu proses gedir. Yeni 5 milyon dozalıq müqaviləyə əsasən, Azərbaycana Çindən 500 min doza “Coronovac” peyvəndi gətirilib. Bununla da Çindən alacağımız vaksinlərin sayı 9 milyon doza olacaq. 18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük”.
Yaqut Qarayeva bildirib ki, indiyədək Azərbaycana COVİD-19 əleyhinə 1 milyon 447 min 720 doza vaksin gətirilib.
Aprel ayında ölkəyə daha 1 milyon 247 min doza vaksinin gətirilməsi gözlənilir: “Avqust ayına qədər isə 16 milyon 150 min doza vaksinin gətirilməsi gözlənilir. Bu o deməkdir ki, 18 yaşdan yuxarı şəxsləri vaksinlə təmin edə bilərik”.
Y.Qarayevanın sözlərinə görə, vaksinlərin gətirilməsi Azərbaycandan asılı məsələ deyil: “Bu gün (1 aprel) Çindən 500 min doza vaksin almışıq. Ölkəmiz bütün istiqamətlərdə danışıqlar aparıb. GAVİ-dən “Pfizer”, “AstraZeneca” vaksinləri, Rusiyadan “Sputnik V” vaksinləri gətiriləcək”.