Prezident İlham Əliyev: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”

Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu, özlüyündə göstərir ki, Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi.

Azərbaycan Respublikasının Prezidenti bu sözləri martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə deyib.

Qeyd edək ki, qeyri-formal sammitin Qazaxıstanın Türküstan şəhərində keçirilməsi nəzərdə tutulmuşdu, lakin sonradan pandemiya şəraiti ilə bağlı tədbirin onlayn formatda təşkili qərara alındı.

Bu barədə onlayn görüşün ev sahibi qismində açılış sözü ilə çıxış edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyib. Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğunu deyən Prezident Tokayev qeyd edib ki, vaxtilə əcdadlarımız bu şəhərdə böyük müəllim Xoca Əhməd Yəsəvidən mənəvi biliklər alaraq dünyada türk-islam mədəniyyətini yayıblar. “Buna görə də bugünkü sammit “Türküstan türk dünyasının mənəvi paytaxtıdır” devizi altında keçirilir”, – deyə o əlavə edib. Qazaxıstanın dövlət başçısı vurğulayıb ki, Türk Şurasının əsas məqsədi türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirməkdir.

Sonra Qazaxıstanın qədim Türküstan şəhərinin tarixi və mədəniyyətindən, Türk Şurasının fəaliyyətindən bəhs edən qısa film nümayiş etdirilib.

Türk Şurasının fəxri sədri, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev çıxışında Azərbaycan Prezidentini 2020-ci il Vətən müharibəsində Qələbə münasibətilə təbrik edib. O, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyənin önəmli rol oynadığını xüsusi qeyd edib.

2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirən Nursultan Nazarbayev budəfəki toplantının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişiklikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi – 2040” adlı sənədin hazırlanmasını təklif edib.

Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq deyib: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.

Sonra çıxış üçün söz Türk Şurasının hazırkı sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilib.

Dövlətimizin başçısı belə bir görüşün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Nursultan Nazarbayevə təşəkkürünü bildirərək onun Türk Şurasının fəxri sədri kimi çox fəal iş apardığını vurğulayıb.

Türk Şurasının 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra 2020-ci ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə COVİD-19-a həsr edilmiş onlayn görüşün də keçirilməsinin əhəmiyyətini qeyd edən İlham Əliyev bildirib ki, müntəzəm görüşlərin üzv ölkələr arasındakı birliyə çox böyük müsbət təsiri var.

Dövlət başçısı deyib ki, bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcək.

“Bu gün isə fürsətdən istifadə edərək, II Qarabağ müharibəsi haqqında məlumat vermək istərdim”, – deyən Azərbaycan Prezidenti 30 ilə yaxın müddət ərzində Ermənistanın  Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlaması və 2020-ci ildə buna son qoyulması ilə bağlı ən mühüm məqamları diqqətə çatdırıb.

Prezident vurğulayıb ki, beynəlxalq təşkilatlar bu illər ərzində Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı: “BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi”.

Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradıldığını və onun 28 il ərzində fəaliyyətinin nəticəsinin sıfıra bərabər olduğunu bildirən İlham Əliyev deyib: “Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi”.

Prezident bildirib ki, təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəniyyət paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının “andiçmə mərasimi”nin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi: “Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, –  bu bina indi məhv ediləcək, yaxud söküləcək, – təxribat xarakterli addım idi. Yəni, bütün bu addımlar göstərirdi ki, Ermənistan bizi təxribata çəkir, bizdən sərt reaksiya gözləyir və ondan sonra günahı bizim üstümüzə yıxıb, yenə də məsələni daha 30 il uzatmaq istəyir. Biz təxribata uymadıq. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq...

Nəhayət, sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb”.

 

“Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu”

 

Azərbaycan Prezidenti qeyd edib ki, biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq: “Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm”.

Dövlət başçısı onu da vurğulayıb ki, Türk Şurası sentyabrın 28-də, müharibənin başlamasından bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama verdi. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar verildi: “Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər”.

Prezident bildirib ki, azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər: “Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”.

 

Qədim Azərbaycan torpağı Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq

 

Dövlət başçısı daha sonra deyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

***

Onlayn sammitdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, pandemiyaya qarşı birgə mübarizənin vacibliyindən danışıb. O, ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə də təşkilatın həmrəylik nümayiş etdirdiyini bildirərək deyib: “Bu münasibətlə əziz qardaşım, hörmətli İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfər ilə bağlı şəxsən öz adımdan və xalqım adından bir daha təbrik edirəm. Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub”.

Türkiyə Prezidenti 31 martın 1918-ci ildə Azərbaycan xalqının məruz qaldığı  soyqırımının anıldığı gün olduğunu da diqqətə çatdıraraq deyib: “Biz Xocalı qətliamını da heç vaxt unuda bilmərik. Biz bu qətliamın növbəti ildönümünü bir müddət əvvəl qeyd etdik”.

 

“Arzum odur ki, ən qısa zamanda – Ramazan bayramından sonra Şuşanı ziyarət edək, inşallah, orada yeni bir bayram yaşayaq”

 

Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır: “Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda – Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, orada yeni bir bayram yaşayaq”.

***

Daha sonra çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının regional əməkdaşlıq üçün səmərəli mexanizmə çevrildiyini vurğulayıb. Türk dövlətlərinin istənilən çağırışlara hazır olmasının, mövcud potensialı genişləndirməsinin vacibliyindən danışan Şavkat Mirziyoyev Azərbaycanın qazandığı Qələbə münasibətilə təbriklərini çatdıraraq deyib: “Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan bu prosesə töhfə vermək üçün hazırdır. Biz qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası haqqında danışmışıq. Biz hazırda bu istiqamətdə fəaliyyətimizi azərbaycanlı həmkarlarımızla davam etdiririk”.

 

“Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci il türk dünyası üçün, həqiqətən də, məhsuldar və hətta Zəfər ili olub”

 

Zirvə görüşündə çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev digər ölkələrlə də sabit əlaqələr qurulduğunu, 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olduğunu bildirib. B.Amreyev pandemiyanın Türk Şurası daxilində əməkdaşlığa yeni stimul verdiyini vurğulayıb, İstanbulda keçiriləcək sammitlə bağlı bir sıra təkliflər səsləndirib.

Türk Şurasının Baş katibi Azərbaycanı parlaq Qələbəsi münasibətilə bir daha təbrik edərək deyib: “Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün, həqiqətən də, məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib”.

B.Amreyev Türk Şurasının fəaliyyətdə olan sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürünü bildirib.

***

Zirvə görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban da çıxış ediblər.