Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə TÜRKSOY tərəfindən təşkil olunan fotosərginin artıq bir aya yaxındır Türkiyənin müxtəlif şəhərlərində nümayişi davam edir. Səyyar sərginin növbəti təqdimatı aprelin 1-də Hatay şəhərindəki Kulinariya evində keçirilib.

Xatırladaq ki, füsunkar təbiəti və özünəməxsus zəngin mətbəxi ilə tanınan Hatay 2017-ci ildə qastronomiya istiqaməti üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. 2021-ci ildə isə Hatay EXPO beynəlxalq sərgisinə (Botanika EXPO) ev sahibliyi edəcək.

TÜRKSOY və Hatay Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə təşkil olunan tədbirə sərgiyə beş respublikanın Türkiyədəki diplomatları da qatılıb. Sərginin açılışını bildirən qırmızı lenti TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Hatay valisi Rəhmi Doğan, Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Lütfü Savaş, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Qırğız Respublikasının səfiri Kubanıçbek Ömüraliyev, Özbəkistanın səfiri Alişer Agzamhodjayev, Türkmənistanın səfiri Işankulı İmanlıyev və Qazaxıstan səfirliyinin müşaviri Aşat Davutov birlikdə kəsiblər.

Mərasimdə çıxış edən katibi Düsen Kaseinov türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə təşkil olunan fotosərginin sivilizasiyaların beşiyi olan Hatayda açılmasından məmnun olduğunu bildirib. TÜRKSOY-un qardaş xalqlarımızın mədəniyyət və incəsənət sahəsində əlaqələrinin gücləndirilməsi üçün çox səy göstərdiyini qeyd edən D.Kaseinov sərginin ilboyu davam edəcəyini deyib: “Sərgimizdə türk dünyası fotoqraflarının əsərləri nümayiş etdirilir. Türk dünyasını sevən və TÜRKSOY-un dostu Lütfü Savaşa bu işdə bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Birliyimiz əbədi olsun ”.

Bələdiyyə başqanı Lütfü Savaş bildirib ki, Qazi Mustafa Kamal Atatürkün son əmanəti olan sərhəd şəhərində qardaşlarımızı qəbul etməkdən çox məmnunuq: “Bu gözəl sərgini burada açmaqdan şərəf duyuruq. Rəbbim dilimiz, mədəniyyətimiz, əməkdaşlığımız və mənəvi sadiqliyimizlə bütövlüyümüzü qorusun”.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxışında deyib: “Bura bizim evimizdir. Hatay həmişə qəlbimizdədir. Türkiyə və Azərbaycan xalqı bir millət kimi yaşayacaq. Bu əlaqəni gücəndirmək bizim borcumuzdur”. Səfir eyni zamanda Azərbaycanın Hatayda keçiriləcək EXPO-2021 beynəlxalq sərgisini dəstəkləyəcəyini də diqqətə çatdırıb.

30 il əvvəl çoxəsrlik türk tarixində yeni bir səhifə açıldığını ifadə edən Qırğızıstan səfiri Kubanıçbek Ömüraliyev, türk ölkələri arasındakı münasibətlərin gücləndirilməsinin vacibliyiini vurğulayıb.

Tarixi min illərə dayanan Hatayda olmaqdan məmnunluğunu dilə gətirən Özbəkistan səfiri Alişer Agzamhadjaev sərginin türk xalqlarının bütövlüyünə əhəmiyyətli bir töhfə verəcəyini söyləyib.

Türkmənistan mədəniyyətini və sənətini sərgi vasitəsilə Hataya gətirdiklərini ifadə edən bu ölkənin səfiri İşankulı İmanlıyev, “Bu il ölkəmizdə “Sülh və Etimad İli” elan edildi. Bu münasibətlə Qazi Mustafa Kamal Atatürkün "Yurdda sülh, dünyada barış" prinsipinin nə qədər dəyərli olduğu bir daha diqqət çəkir. Ümid edirəm ki, iki ölkənin qardaşlığını, dostluğunu və münasibətlərini yeni səviyyəyə qaldıracağıq”, deyib.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar. Qeyd edək ki, sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın tarixi-mədəni irsi və müasir inkişafını əks etdirən fotolar yer alıb.

Mehparə SULTANOVA
Ankara