Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi “Muzey və mədəni turizm problemləri” mövzusunda silsilə konfranslar təşkil edir.

Onlayn formatda keçirilən növbəti konfransa Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyeva və Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin böyük elmi işçisi Sevinc Heydərova da qatılıblar.

Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyevanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətində müasir texnologiyaların tətbiqi”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Nizami muzeyi: dünən və bu gün” mövzularda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təqdim olunan məruzələrdə Nizami muzeyinin tarixi, 1941-ci ildə Nizami Gəncəvinin 800 illiyinin Ermitajda qeyd olunması, bu il isə dahi şairin 880 illik yubileyi ilə əlaqədar ölkə başçısının imzaladığı müvafiq sərəncam haqqında ətraflı məlumat verilib.

Həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yeni ekspozisiyanın qurulması, muzeyin 80 illik yubileyi ilə bağlı gerçəkləşən layihə və tədbirlərdən bəhs edilib.