Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məktəb-studiyasının şagirdi Teymur Kazımov Sankt-Peterburqdakı Yelena Obraztsova Mədəniyyət Mərkəzinin mükafatı uğrunda III Vokal və instrumental sənət müsabiqəsində birincilik qazanıb.

Əyani və distant formatda keçirilən müsabiqəyə Rusiyanın və dünyanın müxtəlif şəhərlərindən  5 yaş qrupu üzrə (7-22 yaş arasında) ümumilikdə  270-dən artıq iştirakçı qatılıb.

Teymur Kazımov “Vokal sənəti” (orta yaş – distant iştirakçı) nominasiyasında uğur əldə edib. Onu müsabiqəyə BMA-nın pedaqoqu Ofeliya Axundova və konsertmeyster Dilarə Kərimova hazırlayıb. T.Kazımov Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçısı, beynəlxalq müsabiqələr laureatıdır.

Böyük yaş qrupunda isə gənc vokalçı Kamilə İmanova müsabiqənin diplomantı adını qazanıb.

Qeyd edək ki, Yelena Obraztsova Mədəniyyət Mərkəzinin mükafatı uğrunda Vokal və instrumental sənət müsabiqəsi 2019-cu ildən keçirilir. Layihənin   məqsədi vokal və instrumental ifaçılıq sahəsində istedadları müəyyənləşdirmək və dəstəkləməkdir.

LALƏ