İstanbulda fəaliyyət göstərən “Qaradəniz Təhsil, Mədəniyyət və Ətraf Mühiti Qoruma Vəqfi”nin gənclik məclisinin film qrupu toplantısında hər həftə dünyanın müxtəlif ölkələrinin filmləri təhlil edilir. Aprelin 4-də növbəti onlayn toplantıda azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi müzakirə olunub.

Qeyd edək ki, film vəqfə məclisin baş məsləhətçisi, telejurnalist həmyerlimiz Səidə Ömərin təşəbbüsü ilə təqdim edilib. Müzakirələrə “Çölçü”nün rejissoru, filmdə rol almış Əməkdar artist Bəhruz Vaqifoğlu da qatılıb.

Araşdırmaçı yazar Amalya Ömərova Azərbaycan kino tarixi və inkişafı haqqında məlumat verib. O, Azərbaycanla Türkiyə arasında kino sahəsində ortaq layihələrin həyata keçirilməsi istiqamətində atılan addımların iki qardaş ölkə üçün vacibliyini vurğulayıb.

Çıxış edənlər “Çölçü” filmi ilə bağlı fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında 2012-ci ildə istehsal olunan film müxtəlif səviyyəli beynəlxalq festivallarda 40-dan artıq mükafata layiq görülüb.

Mehparə SULTANOVA
Ankara