UNESCO Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (İnternational Fund for Cultural Diversity, İFCD) 17 mart – 16 iyun 2021-ci il tarixlərində layihə müraciətlərini qəbul edib.

UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası çərçivəsində yaradılan Fond inkişaf etməkdə olan ölkələrdə dinamik mədəniyyət sahələrinin yaradılmasına dəstək verən könüllü donor fondu hesab olunur. Fond bu il “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” təşəbbüsünə qoşularaq, inkişaf etməkdə olan ölkələrdə yaradıcı iqtisadiyyata güclü töhfələr verməyi hədəfləyən layihələr həyata keçiriməyə çağırır.

Dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT) və UNESCO-nun 2005-ci il Konvensiyasına üzv olan ölkələrdə qeydiyyatdan keçmiş beynəlxalq QHT-lər layihə təkliflərini təqdim edə bilərlər. 

Layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:

  • Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;
  • İnkişaf etməkdə olan ölkələrdə yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.

Bütün layihələr nəticədə dayanıqlı yaradıcı ekosistemin yaradılmasına və BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verməlidir.

Fond 2010-cu ildən etibarən 120 layihə üzrə inkişaf etməkdə olan 60 ölkəyə 8,7 milyon ABŞ dolları məbləğində investisiya yatırıb. Bu müxtəlif təşəbbüslər, xüsusilə mədəni sahibkarlar üçün əlverişli mühit, mədəni məhsullar və xidmətlər üçün yeni bazarlara çıxış və mədəni müxtəlifliyə əlçatanlıq yaratmaqla yanaşı dayanıqlı mədəni idarəetmə sistemlərinin yaradılmasına köməklik göstərib.

Sayca 12-ci olan layihəyə son müraciət tarixi: 16 iyun 2021-ci il.

Daha öncə təqdim olunan layihələrlə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://en.unesco.org/creativity/ifcd/projects

Ətraflı məlumat əldə etmək üçün:

UNESCO-nun 2005-ci il Konvensiyası üzrə Katiblik (Convention2005.ifcd@unesco.org)