“Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə regional əməkdaşlığın yaranmasına ziyan vurur”

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. Hazırda Azərbaycan hökuməti üçün prioritet olan bu məsələ müxtəlif qurumların birgə fəaliyyət göstərdiyi istiqamətdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu sözləri aprelin 5-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar ADA Universitetində keçirilən tədbirdə deyib.

Tədbirdə BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri və xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak ediblər.

Universitetin prorektoru Fariz İsmayılzadə tədbiri açaraq mövzunun Azərbaycan üçün aktual olduğunu və böyük əhəmiyyət daşıdığını bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, BMT-nin müvafiq qətnaməsi ilə qeyd olunan 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü diqqəti ilk növbədə mülki əhalinin təhlükəsizliyinə, həmçinin minalanmış ərazilərdə iqtisadi, sosial təsirlərin aradan qaldırılmasına yönəldir.

“Təəssüf ki, Azərbaycan hazırda minaların təsirinə məruz qalan və ondan əziyyət çəkən ölkələr sırasındadır. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu bir məkana çevrilib. İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. Bu, Ermənistanın hərbi cinayətlərinin təzahürü olmaqla, eyni zamanda beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir. Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə iki ölkə arasında etimadın yaranmasına ziyan vurur və regional əməkdaşlığa mane olur”, - deyə o vurğulayıb.

Ərazilərin minalardan təmizlənməsi prosesinin kifayət qədər bahalı və çətin olduğunu söyləyən Hikmət Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin strukturu dəyişdirilib. İndi texniki baxımdan onun potensialının artırılması prosesi həyata keçirilir.

“Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist çıxış edərək bildirib ki, minaların təhlükəsinə dair məlumatlandırmanın artırılması çox mühüm bir fəaliyyətdir. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü minaların yalnız fərdi həyatlara yaratdığı təhlükənin qarşısını almaq üçün deyil, həm də onun iqtisadi inkişafa vurduğu ziyanın qarşısının alınması üçün qeyd edirik.

Vurğulanıb ki, yalnız ərazi minalardan təmizləndikdən sonra orada infrastruktur, məktəblər, xəstəxanalar yaradıla bilər. Göstərilən səylərə baxmayaraq, minalar hələ də mülki vətəndaşlara təhlükə yaradır. 2020-ci ildə dünyada on mindən çox insan minaların, yaxud da partlamamış hərbi sursatların qurbanına çevrilib. Bütün bunlar kifayət qədər mürəkkəb və ciddi problemdir. Buna görə də dünyadakı mövcud vəziyyət bütün dövlətlər tərəfindən ciddi nəzərə alınmalıdır. BMT-nin fəaliyyət istiqamətlərindən biri də partlamamış sursatların təhlükəsi haqqında məlumatlandırma prosesinin təşkilindən ibarətdir. Çünki minaların və partlamamış sursatların təmizlənməsi peşəkar bacarıqlar tələb edir.

“Bununla əlaqədar daha bir fəaliyyət istiqaməti tərəfdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycan hökuməti, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yaradılması bu məsələlərdə mühüm nailiyyətlər əldə etməyə imkan verir. Əgər hər hansı ərazi minalardan və partlamamış sursatlardan azad olmayıbsa, orada dayanıqlı inkişaf məqsədlərinə çatmaq mümkün olmayacaq”, – deyə Çaru Bist qeyd edib.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri bildirib ki, insanların həyatını xilas etməklə yanaşı, mina və digər sursatlardan zərərçəkənlərə də dəstək göstərilməlidir. BMT-nin dəstəyi ilə 1999-cu ildən bəri Azərbaycanda ANAMA (Minatəmizləmə Agentliyi - red.) 6 mindən çox mina təmizləyib və bunun nəticəsində 160 mindən çox köçkünün geri qayıtmasına şərait yaranıb.

“Biz ANAMA ilə daha yaxından əməkdaşlıq edirik. İki həftə əvvəl yeni bir sazişə imza atmışıq. Bu məqsədlə BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan 1 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu vəsait həm işçi heyətə təlim keçirilməsinə, həm də avadanlıqların alınmasına yönəldiləcək. Biz Azərbaycanda bu istiqamətə dəstəyimizi artırmışıq. ANAMA-ya mina xəbərdarlığına dair ehtiyacların araşdırılmasında və tədqiqat sahəsində də dəstək olacağıq”, - deyə o qeyd edib.

ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov ərazilərin minalardan təmizlənməsi sahəsində görülən işlərdən danışıb.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində düşmənin yerüstü arsenalı məhv edilsə də, yer altındakı gizli arsenalı hələ qalmaqdadır. Mina təhlükəsinin qarşısının alınması istiqamətində hökumət, QHT-lər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməlidir.