Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılır. Prezident İlham Əliyev aprelin 6-da bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni on beş gün müddətində yaratmalıdır.

Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.

Əqli Mülkiyyət Agentliyinə Mərkəzin strukturunu və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla nizamnaməsini təsdiq etmək, Mərkəzin fəaliyyəti ilə bağlı maddi-texniki təminat məsələlərinin həlli üçün tədbirlər görmək tapşırılıb.