Mədəni tədbirlər xalqlararası əlaqələrin daha da dərinləşməsinə töhfə verir.  Bu fikri Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev ilə görüşdə deyib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət, incəsənət və digər sahələrdə əlaqələrdən söhbət açılıb, iki ölkənin müvafiq qurumlarının bu prosesdə rolu müzakirə edilib.  Faiq Quliyev səfirliyin mövcud əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib.

Gürcüstanın Batumi şəhərində keçirilən “Black Sea Music and Art Festival”ın təşkilatçısı və ideya müəllifi olan E.Bolkvadze Qəbələ Beynəlxalq Musiqi Festivalında bir neçə dəfə iştirak etdiyini, gələcəkdə ölkələrimiz arasında qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin mümkünlüyünü bildirib.

Söhbət zamanı Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən mədəniyyət ocaqlarının, teatr, filarmoniya sahələrində çalışanların mübadilə proqramlarının işlənib hazırlanması məsələsinə də toxunulub.