Müasir tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərindən beş il ötdü. Hərb salnaməmizə “Dördgünlük müharibə” (2-5 aprel) kimi də yazılan bu döyüşlər Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vuraraq bir sıra strateji mövqelərin, o cümlədən Lələtəpə yüksəkliyinin azad olunması ilə nəticələndi. Aprel zəfəri 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməli oldu.

Bölgələrdəki mədəniyyət müəssisələrində əlamətdar tarixin ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib. Karantin rejiminin tələblərinə uyğun təşkil edilmiş tədbirdə mövzu ilə bağlı videoçarx izlənilib.

R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Aprel döyüşləri şanlı tariximizdir” adlı onlayn tədbir keçirilib. Tədbirdə iştirakçılar rayon şəhidlərinin şəxsi əşyalarından təşkil olunmuş sərgiyə onlayn qaydada baxış keçiriblər.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin və Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialları Aprel döyüşlərinin ildönümünə həsr olunmuş videoçarxlar hazırlayıblar.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə dəyirmi masa təşkil edilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam və Laçın rayonlarının Tarix-Diyarşünaslıq muzeyləri və Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin birgə təşkilatçılığı ilə “Böyük Zəfərin başlanğıcı – Aprel döyüşləri” adlı onlayn tədbir keçirilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi K.D.Uşinski adına tam orta məktəblə birlikdə “Aprel döyüşləri böyük Zəfərin müjdəsidir” adlı onlayn söhbət keçirib.

Samux rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi də “Böyük Zəfərin başlanğıcı” adlı tədbir təşkil edib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Qazax rayon MİHİ-nin iştirakı ilə rayonun Bala Çaylı kəndində Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi qazisi, gizir Fərid Sanılı ilə görüş olub.

Qazax Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət “Bizi Zəfərə aparan yol” başlığı altında sərgi təşkil edilib.

Regional idarənin tabeliyində fəaliyyət göstərən Ağstafa, Tovuz və Qazax rayon MKS-lərin kənd kitabxana filialları Aprel döyüşlərinin ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçiriblər.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev və idarənin bir qrup əməkdaşı Aprel döyüşlərinin şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsini yad ediblər. Qəhrəman zabitin Kürdəmir şəhərində yaşadığı evin fasadındakı xatirə lövhəsi önünə tər çiçəklər qoyulub.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyi və tabe müəssisələrin əməkdaşları Aprel döyüşləri şəhidi Ravil Novruzovun məzarını, onun valideynləri ilə birlikdə ziyarət ediblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində “Apreldən başlayan Zəfər yolu” adlı dəyirmi masa təşkil olunub.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi Aprel döyüşləri şəhidi Sərxan Bayramovun məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Zaqatala rayon Muxax kənd Mədəniyyət evi və kənd kitabxanasının işçiləri Aprel döyüşlərinin şəhidi Rəvan Nurayevin məzarını və ailəsini ziyarət ediblər.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və rayon ziyalıları Aprel döyüşləri şəhidi, Milli Qəhrəman Murad Mirzəyevin məzarını ziyarət ediblər.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi, Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfərə gedən yol Aprel döyüşlərindən başlanır” mövzusunda onlayn tədbir keçirilib.  Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının Aprel döyüşlərinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib.