Böyük Britaniyada keçirilən MACFEST – “Müsəlman incəsənət və mədəniyyət festivalı” (Muslim Arts and Culture Festival) bu il onlayn formatda və beynəlxalq miqyasda təşkil olunub. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ölkəmiz ilk dəfə bu tədbirdə təmsil olunub.

Festival islamofobiya ilə mübarizə, həmçinin müsəlman və qeyri-müsəlman icmaların bir araya gətirilməsi məqsədilə keçirilir. MACFEST-in qurucusu və icraçı direktoru Qaisra Şahrazın moderatorluğu ilə videoformatda gerçəkləşən festivalda BBC-nin jurnalistləri, keçmiş diplomatlar iştirak ediblər. Bu mötəbər tədbirdə ölkəmizi müxtəlif sahələr və qurumlardan səlahiyyətli şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri təmsil ediblər.

Festivalda Azərbaycanın iştirak layihəsinin müəllifi Mançester Universitetinin məzunu Leyla Qasımova olub.

Tədbir iştirakçılarına Azərbaycanın təbii və tarixi gözəllikləri, ölkəmizdəki xristian (Alban) və müsəlman tarixi abidələri haqqında videoçarxlar təqdim edilib, dini abidələrin tarixi ilə bağlı məlumat verilib. Festivalda həmçinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri haqqında geniş informasiya çatdırılıb, milli mətbəximiz, milli geyimlərimiz, Qarabağ atları haqqında videomateriallar nümayiş olunub, milli mədəniyyətimizin tarixində özünəməxsus yeri olan xalçaçılığımız barədə ətraflı məlumat verilib. Sonda Azərbaycanın musiqi nümunələri səsləndirilib.