Misirin paytaxtı Qahirədə indiyədək misli görünməyən tədbir – “Fironların Qızıl Paradı” keçirilib. Qədim Misir fironları və kraliçaların Təhrir meydanındakı Misir Muzeyində saxlanılan mumiyaları aprelin 3-də möhtəşəm bir paradla Fustatdakı Misir Sivilizasiyası Milli Muzeyinə köçürülüb.

Tədbirdə Misir Prezidenti Əbdülfəttah əl-Sisi, UNESCO-nun Baş direktoru Odre Azule, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Səudiyyə Ərəbistanının turizm naziri Əhməd əl-Xatib iştirak ediblər.

Misir fironları və kraliçaların mumiyalarının olduğu 21 tabut kahin libasında olan aktyorların müşayiəti ilə, qızılla işlənmiş xüsusi maşın-taxtlarda yeni məkana nəql edilib.

Rəsmi şəxslər mərasimi Misir dirijoru Nadir Abbasinin idarə etdiyi filarmoniya xoru və orkestrinin ifası ilə ekranda izləyiblər. Mumiyaları daşıyan avtomobillər 45 dəqiqədən sonra yeni muzeyə çatdırılıb və eksponatları binanın qarşısında Prezident Əbdülfəttah əl-Sisi qarşılayıb. Fironların tabutunun önündə toplardan 21 yaylım atəşi açılıb.

Eyni vaxtda Təhrir meydanında firon II Ramzesin dövrünə aid 17 metr hündürlüyündə obeliskin açılışı olub.

Mərasimlə bağlı Qahirəyə gələn UNESCO-nun Baş direktoru Odre Azule Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşüb. Baş direktor UNESCO-nun eramızdan əvvəl XIII əsrə aid Nubiya heykəllərinin mühafizə və bərpa olunmasında Misirlə əməkdaşlıq edəcəyini deyib.

Nubiya mədəniyyətinin qalıqları üzərində Əbu-Simbel əyalətində firon II Ramzesin tikdirdiyi əzəmətli heykəllər və məbədi bəşər mədəniyyətinin ən dəyərli nümunələrindən biri adlandıran O.Azule deyib ki, UNESCO ötən əsrin ortalarında bu heykəllərin aşkar edilməsində iştirakını dünya mədəni irsinə verilmiş töhfə hesab edir.