Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri Rüfət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər çərçivəsində ATAA ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib.

Görüşdə Türkiyə-Azərbaycan turizm əlaqələri və ortaq turizm platformasının yaradılması məsələləri müzakirə olunub. Postpandemiya dövründə turizmin inkişafı baxımından iki qardaş ölkə arasında şəxsiyyət vəsiqələri və vizasız səyahəti nəzərə alaraq qarşılıqlı turist sayının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Səhiyyə turizminin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

ATAA-nın sədri Rüfət Hacıyev çıxışında deyib ki, pandemiyanın nə zaman bitəcəyi bəlli deyil və turizm sektoru da bu dövrdə işləməyi öyrənməlidir: “Bu baxımdan “Türk Hava Yolları”nın pandemiya dövrü ərzində fəaliyyəti bizim və bütün dünya üçün çox gözəl nümunə oldu. Biz eyni zamanda iki qardaş ölkə arasında səhiyyə turizmini inkişaf etdirməyi də hədəfləyirik. Səhiyyə turizmi ümumi turizm sahəsində çox böyük rola sahibdir”.

TÜRSAB-ın rəhbəri Firuz Barbaros Bağlıkaya da Türkiyə-Azərbaycan əməkdaşlığını daha da inkişaf etdirəcək ən vacib sahələrdən birinin turizm sektoru olduğunu vurğulayıb. O, 1 aprel tarixindən Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə səyahət fürsətinin  yaranmasının turizm əməkdaşlığına əlavə zəmin yaradacağını deyib.