Xəbər verdiyimiz kimi, aprelin 1-də Türkiyənin Hatay şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə TÜRKSOY tərəfindən təşkil olunan fotosərginin səyyar sərgisi keçirilib. Aprelin 3-də isə burada türk respublikalarının müstəqilliyinin 30 illiyinə həsr olunmuş daha bir tədbir – TÜRKSOY parkının açılışı olub.

Park TÜRKSOY və Hatay Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə salınıb. 2021-ci ildə Hatay şəhərinin EXPO beynəlxalq sərgisinə (Botanika EXPO) ev sahibliyi etməsi ərəfəsində belə bir parkın açılması xüsusilə əlamətdardır.

Mərasimdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Hatay valisi Rəhmi Doğan, Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Lütfü Savaş, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Qırğız Respublikasının səfiri Kubanıçbek Ömüraliyev, Özbəkistanın səfiri Alişer Agzamhodjayev, Türkmənistanın səfiri Isankuli İmanlıyev və Qazaxıstan səfirliyinin müşaviri Aşat Davutov iştirak ediblər.

Öncə türk respublikalarının bayraqları qaldırılaraq dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Düsen Kaseinov deyib: “Müstəqilliyimizin 30-cu ildönümündə Hatayda belə bir parka TÜRKSOY adının verilməsi qardaşlığımızın sarsılmaz əlamətidir.

Nizami Gəncəvi, Muxtar Avezov, Çingiz Aytmatov, Əlişir Nəvai, Yunus Əmrə və Məhdumqulu Fəraqi kimi türk ədəbiyyatının misilsiz adlarının, türk dünyasının sənət günəşlərinin barelyeflərinin bu parkda yer almasından qürur duyuruq”.

Bələdiyyə başqanı Lütfü Savaş isə həm Hatay, həm də türk dünyası üçün çox əhəmiyyətli bir gün yaşadıqlarını deyib: “Bizi birləşdirən və qardaşlığımızı möhkəmləndirən böyük türk mütəfəkkirlərimizin rəsmlərinin yer aldığı parkımızı açırıq. Türk cümhuriyyətlərinin müstəqilliyinin 30-cu ildönümündə qardaşlıq münasibətlərimizi birlikdə hiss etmək bizim üçün çox dəyərlidir. Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, dünyada barış” prinsipini və İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” prinsiplərini həyata keçirərək bütün dünyaya birliyimizi daha qürurla bəyan edəcəyik. Bu mənada TÜRKSOY parkının açılması əlamətdar bir hadisədir”.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qardaş ölkələr arasında bu cür əməkdaşlığı birliyimizi möhkəmləndirən faktor kimi dəyərləndirib. Səfir parkda bu il 880 illik yubileyi qeyd olunan dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin də barelyefinin yer almasının qürurverici olduğunu deyib.

Qırğızıstan, Özbəkistan və Türkmənistan səfirlərinin də çıxışlarından sonra parkın açılış lenti kəsilib.

Hatay Böyükşəhər Bələdiyyəsinin “Mehteran” qrupu marşları ilə açılışa xüsusi rəng qatıb.

Açılışda türk dünyasının ortaq bayramı olan Novruz ənənələri unudulmayıb. Yeni ilin başlanğıcı və baharın müjdəçisi sayılan dəmir döymə kimi qədim ayin də yerinə yetirilib.

Türk dünyası ideya və işbirliyinə töhfə verəcək və bölgə insanlarına xidmət edəcək TÜRKSOY parkında idmanla məşğul olmaq və uşaqlar üçün oyun sahələri də var.

Mehparə SULTANOVA
Ankara