Tanınmış televiziya rejissoru, Əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı Məhərrəm Əlsəftər oğlu Bədirzadə aprelin 8-də, 76 yaşında vəfat edib. 

Məhərrəm Bədirzadə 1945-ci il yanvarın 13-də Bakıda anadan olub. Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) rejissorluq fakültəsini bitirib.

Azərbaycanda teletamaşaların ilk nümunələrini yaradan sənətkarlardan biri olan Məhərrəm Bədirzadə 1967-ci ildən radioda rejissor işləyib. 1971-ci ildən isə televiziyada çalışmağa başlayıb. 1972-ci ildə ilk dəfə televiziyada M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşasını hazırlayıb.

Zamanında geniş tamaşaçı sevgisi qazanmış verilişlər onun ilə bağlıdır: "Səhər görüşləri", "Dalğa", "Gəlin, birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Günaydın", "Ocaq başı" və s. Rejissor televiziyada çoxsaylı film və tamaşalara quruluş verib. “Qayınana əməliyyatı”, “Gəlinlər” komediyaları, “Sonuncu şahid”, “Gürzə”, “Ünvansız eşq” teleserialları...

Məhərrəm Bədirzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin dosenti idi, bu sənəti həvəslə gənclərə öyrədirdi.

“Bütün telekanallarda yetirmələrim var. On tələbəmdən ikisi öz sənətinə yaxşı yiyələnəndə, yetişəndə bu məndə böyük fəxr doğurur”, – deyə sənətkar müsahibələrində demişdi.

Allah rəhmət eləsin.