İƏT Baş katibi Yusif bin Əhməd əl-Osaymin: “Sizin məsələniz haqq işi idi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edib.

Baş katibi salamlayan Prezident İlham Əliyev qeyd edib ki, İƏT heyətinin ölkəmizə müntəzəm səfərləri bizim əməkdaşlığımızın və sizin ölkəmizə münasibətinizin çox yaxşı nümayişidir.

Dövlət başçısı təşkilatla Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi müstəsna töhfəyə görə Yusif bin Əhməd əl-Osaymini “Dostluq” ordeni ilə təltif etdiyini bildirib və ordeni qonağa təqdim edib.

Prezident Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı ölkəmizə davamlı dəstəyinə görə İƏT Baş katibinə minnətdarlığını bildirib.

 “Bildiyiniz kimi, münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğala son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür”, – deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı deyib ki, Ermənistanın işğal etdiyi ərazilərdə törədilən əməllər bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi: “Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır”.

Prezident qeyd edib ki, bərpa prosesi vaxt aparacaq, çünki ən böyük problem minalardır: “Müharibə bitəndən sonra bizdə onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik”.

Baş katib Yusif bin Əhməd əl-Osaymin özünün və İƏT Təmas Qrupuna daxil olan ölkələrdən nümayəndə heyətinin Azərbaycana dəvət edilməsinə görə təşəkkürünü bildirərək deyib ki, Azərbaycanın böyük Qələbəsi bizim də qələbəmizdir: “Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu”.