Aprelin 7-də BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı – UNESCO-nun üç əsas orqanından biri olan İcraiyyə Şurasının 211-ci sessiyası işə başlayıb.

Parisdə, UNESCO-nun mənzil-qərargahında videokonfrans formatında keçirilən sessiya aprelin 21-dək davam edəcək.

İcraiyyə Şurasının 211-ci sessiyasının gündəliyinə öncəki, 210-cu sessiyanın protokolunun təsdiqlənməsi, UNESCO-nun Baş direktorunun hesabatının dinlənilməsi, təşkilatın həyata keçirdiyi proqramlar, layihələr, maliyyə ilə bağlı hesabatların təqdim olunması və digər məsələlər daxildir.

Əvvəlki sessiyalarda UNESCO-nun Baş Konfransı və İcraiyyə Şurası tərəfindən qəbul edilmiş qərar və qətnamələrin yerinə yetirilməsi də nəzərdən keçiriləcək. UNESCO-nun təhsil və davamlı inkişaf sahələrinə töhfələri, qurumun özəl sektorla qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, gender bərabərliyi, qlobal və regional koordinasiya və dəstək məsələləri də sessiyanın gündəliyində yer alır.

İcraiyyə Şurası Baş Konfransla UNESCO Katibliyi arasında əlaqələndirici rol oynayır. Baş Konfransın gündəlikdə duran məsələlərinin hazırlanması, iş proqramı və müvafiq büdcə planının yoxlanılmasına, eləcə də Baş Konfrans tərəfindən qəbul edilmiş iş proqramının Katiblik tərəfindən həyata keçirilməsinə nəzarətə cavabdehdir.

Şuranın 58 üzvü Baş Konfrans tərəfindən hökumətlər tərəfindən namizəd göstərilən nümayəndələr arasından dörd il müddətinə və təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir.

UNESCO İcraiyyə Şurasının sessiyaları ildə üç dəfə keçirilir. 210-cu sessiya 2020-ci ilin dekabrında  keçirilmişdi.