Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb. Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən 30 il sürən işğalı, münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.

Sənəddə qeyd olunub ki, Ermənistan bu minaların harada qoyulduğunu bilir, lakin bu məlumatları yaymaqdan imtina edir. Diqqətə çatdırılır ki, Azərbaycan XİN 22 fevral tarixində BMT-də Ermənistanı azad edilmiş ərazilərdə minaların yerlərini bildirməyə çağırılması təklifi ilə çıxış edib.

Petisiya bu cür beynəlxalq çağırış və müraciətlərin yayıldığı change.org saytında yerləşdirilib. 

Azərbaycan vətəndaşları müvafiq linkə https://www.change.org/p/republic-of-armenia-urge-armenia-release-the-map-of-landmines-in-liberated-areas-of-azerbaijan-to-save-lives daxil olub petisiyaya imza ata bilərlər. 

Bu barədə aprelin 8-də keçirilən mətbuat konfransında BMT-nin İqtisadi-Sosial Şurasının məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev məlumat verib.

Umud Mirzəyev diqqətə çatdırıb ki, II Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da bitəndən sonra  9-u mülki şəxs olmaqla Azərbaycanın 20 vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib.

O bildirib ki, 8-i mülki şəxs olmaqla 85 vətəndaş ağır yaralanıb: “Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir”.