Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov aprelin 8-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.

Səfiri salamlayan Anar Kərimov Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. İki xalq arasında ortaq mədəni və tarixi dəyərlərə əsaslanan dostluq əlaqələri olduğunu deyən nazir müxtəlif səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin mövcud əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na toxunub, mədəni əlaqələrin dərinləşdirilməsi üçün iki ölkənin mədəniyyətini təqdim edən tədbirlərin, festivalların, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tarixi Zəfərlə nəticələnən Vətən müharibəsindən söz açan nazir Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiklərinə görə Əfqanıstan dövlətinə, ölkəmizin haqq işini müdafiə edən əfqan xalqına minnətdarlığını bildirib. 

Səmimi qəbula görə təşəkkür edən səfir Amanullah Ceyhun da öz növbəsində xalqlarımız arasında dini, tarixi və mədəni yaxınlığın mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

Vətən müharibəsindəki Qələbəyə görə xalqımıza təbriklərini ifadə edən səfir Əfqanıstan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərə səfər etdiyini bildirən diplomat xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini deyib.

Söhbət zamanı mədəniyyətin müxtəlif sahələrində, o cümlədən muzey işi sahəsində əməkdaşlıq, iki ölkənin milli kitabxanalarında müvafiq olaraq Azərbaycana və Əfqanıstana həsr olunan guşələrin yaradılması, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə birgə sərgi və tədbirlərin təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Görüş ölkələrimiz arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.