Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr xadimi, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov aprelin 6-da, 71 yaşında vəfat edib.

Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyulun 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalı) Faxralı kəndində anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunda özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil alıb. İ.Əbilov adına Mədəniyyət evinin Xalq teatrında aktyor kimi fəaliyyət göstərib. 1981-ci illərdə M.Əliyev adına İncəsənət İnstitutunun (indiki ADMİU) Mədəni-maarif fakültəsini bitirib.

Bir neçə illik pedaqoji fəaliyyətdən sonra Gürcüstanın Marneuli və Bolnisi rayonlarının mədəniyyət evlərində direktor və bədii rəhbər işləyib. 90-cı ildən həyatını Azərbaycan mədəni mühiti ilə bağlayıb.

1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrında sərəncamçı direktor, 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında direktor, 2009-cu ildə Gənc Tamaşaçılar Teatrında direktor müavini olub. 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrında direktor, 2014-2017-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor müavini kimi fəaliyyət göstərib. Son illərdə ideya müəllifi olduğu “Audiokitab” layihəsinə rəhbərlik edirdi.

Həsən Həsənov 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin.