Vebinarda dahi şairin irsinin incəsənətdə təcəssümü müzakirə olunub

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – sönməz günəşin hikmət dəryası” adlı elmi vebinar keçirilib. 

Tədbir Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamına əsasən təşkil olunub.

Mərkəzin əməkdaşları ilə yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA-nın Gəncə bölməsi – Nizami Gəncəvi Mərkəzi və Gəncə Dövlət Universitetinin alim və mütəxəssisləri, regionlarda çalışan mədəniyyət işçilərinin qatıldığı vebinarda dahi şair və mütəfəkkirin irsinin Azərbaycan incəsənətində təcəssümü müzakirə olunub.

Çıxış edən alimlər Azərbaycan poeziyasında Nizaminin tərənnümü, Nizaminin yaradıcılığında sənət və sənətkarlıq, musiqi və fəlsəfə, şairin ictimai baxışları və  dünyagörüşü,  Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığındakı İsgəndər obrazlarının müqayisəsi və başqa mövzulardan söhbət açıblar.

Konya şəhərindəki Səlcuq Universitetinin Ədəbiyyat fakültəsi Fars dili və ədəbiyyatı bölməsinin rəhbəri, professor Ali Temizel Nizami Gəncəvi haqqında Türkiyədə aparılan araşdırmalardan bəhs edib.

Vebinarda Nizaminin əsərlərindən parçalar da səsləndirilib.