Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi kitabın təqdimatı

Aprelin 7-də Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri”) kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikası Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncamın icrası ilə bağlı tədbirlər çərçivəsində işıq üzü görüb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq kitabxanada “Nizami Gəncəvi İli”ndə dahi şair və mütəfəkkirə həsr olunan bir çox tədbirin keçirildiyini vurğulayıb. Qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıdan ən görkəmli şairimizdir. Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami Gəncəvinin irsi humanizmi, yüksək sənətkarlığı ilə dünya ədəbiyyatına öz təsirini göstərib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana iki ilə yaxındır Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsini həyata keçirir. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrinin milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəvi irsinə dair əlyazmaların elektron və kağız nüsxələrinin surətləri ölkəmizə gətirilir. Bu il də davam edən layihə üzrə Türkiyə, Çexiya, Misir və digər ölkələrdən Nizami əsərlərinin digital versiyalarının gətirilməsi ilə bağlı işlər görülür.

Kərim Tahirov “Müasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının nəşrini yüksək qiymətləndirərək onun dahi şairin 880 illik yubileyinə dəyərli töhfə olduğunu bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri, mədəniyyət nazirinin müşaviri Elnur Əliyev çıxış edərək bildirib ki, Mərkəz təsis olunduğu gündən dahi şairin şəxsiyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. Mərkəz Nizami irsinin öyrənilməsi və təbliği istiqamətində dünyanın nüfuzlu nizamişünas alimləri və şərqşünasları ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq 2018-ci ilin martında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən 13 ölkədən və Azərbaycandan 50-yə yaxın alimin iştirakı ilə Bakıda “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı beynəlxalq elmi konfrans təşkil olunub.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas istiqamətlərindən biri də beynəlxalq səviyyədə istinad oluna biləcək Nizami yaradıcılığı ilə bağlı kitabların nəşridir. Bu gün təqdim etdiyimiz nəşr də bu məqsədə xidmət edir”, – deyə Elnur Əliyev bildirib.

Təqdimat mərasiminə İngiltərədən, Almaniyadan, Misirdən və digər ölkələrdən nizamişünas alimlər onlayn formatda qoşulublar.

Kembric Universitetinin (Böyük Britaniya) Yaxın Şərq tədqiqatları kafedrasının rəhbəri, doktor Kristin van Rimbeki, Kəşmir Universitetinin (Hindistan) islamşünaslıq üzrə professoru Nasim Əhməd Şah, Humboldt Universiteti (Almaniya) Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, həmin institutla Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq layihəsinin icraçısı, professor İrma Ratiani və professor Maka Elbakidze çıxış ediblər.

Bildirilib ki, bu kitabda tanınmış alimlərin Nizami yaradıcılığına baxışları əks olunub. Bu elmi məqalələr xüsusən gənc tədqiqatçılar üçün çox faydalı olacaq.

Tədbirə videobağlantı ilə qoşulan Nizami Gəncəvi irsinin tanınmış tədqiqatçısı, Gəncə Dövlət Universitetinin professoru Xəlil Yusifli təqdimat mərasiminin təşkilinə görə Milli Kitabxanaya, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli kitabın nəşrində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. Nizami haqqında belə bir tərtibatda kitabın xarici dildə nəşrini yüksək qiymətləndirən akademik kitabın mütəfəkkir şairin beynəlxalq aləmdə daha geniş tanınmasına töhfə verəcəyini qeyd edib.

Daha sonra Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, şərqşünas, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov, teatrşünas, professor Aydın Talıbzadə və “Mədəniyyət/culture” jurnalının baş redaktoru Zöhrə Əliyevanın çıxışları dinlənilib.

Sonda tədbir iştirakçıları “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi ilə tanış olublar.