İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) gənclər üçün “Gələcəyin peşə və bacarıqları” mövzusunda virtual seminar təşkil edib.

Tədbir UNİCEF, Dünya Ərzaq Proqramı, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurum nümayəndələrinin iştirakı ilə keçirilib.

Təşkilatın Rabatdakı (Mərakeş) qərargahından bildiriblər ki, seminarda çıxış edən İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik keçmişdə mövcud olmuş peşələrin 50 faizdən çoxunun sıradan çıxdığını, yaxın 10 il ərzində daha 14 faizinin də tarixə qovuşacağını deyib: “IV Sənaye İnqilabı nəticəsində yeni peşələr, texnoloji tərəqqinin zəruri etdiyi ixtisaslar meydana çıxır. COVİD-19 pandemiyası ən müasir texnologiyalardan istifadəni artırıb. İnnovativ resurslar İslam dünyasında gənclərin müvafiq peşələrə yiyələnməsini tələb edir. Ənənəvi təhsil metodları daha mükəmməl və texnoloji əsaslarda həyata keçirilən üsullarla, xüsusən süni intellektlə əvəz edilir. İCESCO bu dəyişiklikləri dəstəkləmək üçün yeni proqram və layihələr həyata keçirir. Təşkilat gənc oğlan və qızlar üçün treninqlər keçirilməsini nəzərdə tutur. Biz keçmişin faydalı ənənələrini unuda bilmərik, lakin yeni çağırışlara da uyğunlaşmalıyıq”.

Açılış nitqindən sonra İCESCO-nun Mədəniyyət və kommunikasiya bölməsinin müdiri, professor Məhəmməd Zeynalabdinin sədrliyi ilə keçirilən panellərdə İslam ölkələri və Avropanın aparıcı universitetlərinin müəllimləri və tələbələri innovativ metodlar, inklüziv təhsil və tədrisin yeni şəraitə uyğunlaşdırılması mövzularında fikirlərini çatdırıb, yeni təkliflər irəli sürüblər. Həmçinin qlobal əmək bazarında yeni tələblərə cavab verən ixtisasların tədrisi sahəsində qarşıda duran vəzifələrdən bəhs edilib.

***

Bir ildən artıq müddətdə davam edən pandemiya dünyada, o cümlədən müsəlman ölkələrində təhsilin davamlılığına mənfi təsir göstərərək yeni reallıqları üzə çıxarıb. Bunları nəzərə alaraq, İCESCO virtual təhsil imkanlarının yaxşılaşdırılması, habelə pandemiya ilə mübarizə və İslam irsinin qorunması sahələrində yeni təşəbbüslərlə çıxış edib.

Bu fikirlər isə İCESCO-nun təşkil etdiyi “İslam dünyası postpandemiya dövründə” mövzusunda virtual simpoziumda vurğulanıb.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik tədbiri açaraq pandemiyanın İslam ölkələrinin təhsil, elm və sosial sahələrinə mənfi təsirindən bəhs edib.

Simpoziumda çıxış edən Pakistanın keçmiş Baş naziri Yusuf Reza Gilani bildirib ki, İslam dünyası pandemiya ilə mübarizədə, xüsusən vaksinlərin ədalətli bölgüsündə səyləri birləşdirməlidir. Onun sözlərinə görə, varlı dövlətlər bu məsələdə yoxsul ölkələrə yardım etməli, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Eyni zamanda, pandemiyadan sonrakı dövrdə sivilizasiyalararası dialoqun da inkişafı, dünyada sosial-iqtisadi vəziyyətin pisləşdiyi bir vaxtda münaqişələrin, İslamofobiyanın qarşısının alınması da mühüm vəzifə kimi qarşıda durur.