Yaradıcılıq müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin keçirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Müsabiqəyə  2020-ci ilin noyabr ayından start verilmiş, bu ilin yanvar-mart aylarında yarımfinal və final mərhələləri keçirilmişdi.

Dörd nominasiya (esse, şeir, mahnı, nitq) və 4 yaş kateqoriyası (9-11, 12-14, 15-17, 18-28) üzrə təşkil edilən müsabiqədə iştirak üçün Azərbaycanla yanaşı Türkiyə, İran, İsveçrə, İsveç, Polşa, Pakistan və Kanadanı təmsil edən 700-dən çox uşaq və gənc müraciət edib.

Münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Esse nominasiyası üzrə 388 iştirakçıdan 12 nəfər, mahnı nominasiyası üzrə 25 iştirakçıdan 8 nəfər, nitq nominasiyası üzrə 109 iştirakçıdan 14 nəfər, şeir nominasiyası üzrə isə 183 iştirakçıdan 13 nəfər qalib olub.

Qaliblər Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə sertifikatla təltif olunublar.