Rəqəmsallaşma və menecment sahəsində müasir trendlər,  biznes mühitində fərdi inkişaf, korporativ davranış, biznes etikası – bu kimi məsələlər Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) icrasına başlanılan “Business Talks” onlayn layihəsinin əsas mövzularıdır.

ATMU-dan bildirilib ki, “Business Talks” layihəsi sosial əhəmiyyətlidir və pandemiya dövründə gənclərin distant şəkildə dünyagörüşünün artırılması və biznes sahəsində biliyinin yüksəldilməsinə yönəlib.

Layihənin ilk qonağı BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub. O, “Biznes mühitində fərdi inkişaf və karyera” mövzusunda məruzə edib, əmək bazarında gedən müasir dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.

Təqdimatda əmək bazarında rəqabətlilik dərəcəsinin qorunub saxlanılması və öyrənmə qabiliyyətinin daim artırılması prioritet istiqamət kimi qeyd olunub. Həmçinin fərdi inkişafın digər sahələrdə vacibliyi vurğulanıb. B.Aslanbəyli görülən hər hansı bir işdə keyfiyyət amilinin daim yüksəkdə tutulmasını da digər vacib məsələ olaraq bildirib. Bununla bərabər sosial və ictimai tədbirlərdə “Networking” imkanlarının vacibliyini qeyd edib.

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Layihə çərçivəsində növbəti görüş aprelin 10-da keçiriləcək.