Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 6 aprel 2021-ci il tarixli fərmanı ilə Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri, dünya şöhrətli balet ustası Eldar Əliyev bu ölkənin “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. Dünyanın 40-dan çox teatr səhnəsində çıxış edib. 1996-2005-ci illərdə onun rəhbərliyi ilə ABŞ-ın "Ballet Internationale" truppası 30-dan çox tamaşa hazırlayıb.

Eldar Əliyev məsləhətçi, xoreoqraf, baletmeyster kimi Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib.

40-dan çox ölkədə qastrol səfərlərində olan sənətkar Vaşinqtondakı Kennedi Mərkəzi, Nyu-Yorkdakı Metropolitan Opera, Paris Opera, Roma Opera, Milandakı La Skala, Kovent Qarden Kral Teatrı (London), Sidney Opera teatrları daxil olmaqla ən nüfuzlu səhnələrdə çıxış edib, geniş tamaşaçı kütlələrinin rəğbətini qazanıb.

Eldar Əliyev 2016-cı ildə Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, ötən il Mariinski Teatrının Primorsk və Sankt-Peterburq səhnələrində dahi bəstəkar Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin yeni quruluşunun müəllifi və quruluşçu baletmeysteri olub.

Dünya balet sənətinin parlaq siması olan soydaşımıza cansağlığı və yeni-yeni sənət uğurları arzulayırıq.