AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Urxan oğlu Ələkbərli aprelin 7-də, 57 yaşında vəfat edib.

Fərid Ələkbərli 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakıdakı 134 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsinə daxil olub. 1986-cı ildə təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (hazırda AMEA Əlyazmalar İnstitutu) işə başlayıb. Orta əsrlərin tibbə dair əlyazmaları üzərində tədqiqat aparıb.

Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” (1712) və Məhəmməd Möminin “Töhfətül-möminin” (1669) əsərlərini tədqiq edən Fərid Ələkbərli 1992-ci ildə “Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edib. 1998-ci ildə “Orta əsr (X-XVIII əsrlər) ərəb yazılı mənbələri Azərbaycanda sağlamlığın qorunması haqqında” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2003-cü ildə Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin (sonradan Beynəlxalq əlaqələr şöbəsi adlandırılıb) müdiri təyin edilib.

Fərid Ələkbərli 2004-cü ildə mənzil-qərargahı Parisdə yеrləşən Dünya Tibb Tarixi Cəmiyyəti (İSHM) İdarə heyətinin üzvü sеçilib. 2004-2005-ci illərdə AMEA Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına daxil edilməsi layihəsi üzərində çalışıb. Nəticədə 2005-ci ildə ilk dəfə olaraq Azərbaycana məxsus Orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından üç nadir əlyazma) UNESCO-nun Dünya yaddaşı siyahısına daxil edilib.

2004-cü ildən həmkarları ilə birlikdə yaratdığı Azərbaycan Tibb Tarixçiləri Birliyinə rəhbərlik edib. 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən keçirilmiş ölkəmizdə tibb tarixinə aid ilk beynəlxalq tədbirin – Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq mövzusunda konfransın təşkil olunmasında yaxından iştirak edib.

Fərid Ələkbərli 2011-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə Vatikan Apostol Kitabxanası və Vatikan Məxfi Arxivində araşdırmalar aparıb, Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar edərək onların surətlərini ölkəmizə gətirib.

Azərbaycanın elmi ictimaiyyəti professor Fərid Ələkbərlini nüfuzlu alim və səmimi insan kimi xatırlayacaq.

Allah rəhmət eləsin.