Qazaxıstanda səfərdə olan Macarıstanın xarici ticarət və xarici işlər naziri Peter Siyarto Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasını ziyarət edib. Görüşdə Qazaxıstan Baş nazirinin müavini-xarici işlər naziri Muxtar Tleuberdi də iştirak edib.

Macarıstan heyəti akademiyada Türk Muzeyini və Türk Kitabxanasını gəzib, məşhur macar türkoloq Konqur Mandokinin qiymətli əlyazmaları ilə tanış olub. Həmçinin tanınmış macar səyyah Armin Vamberinin şərəfinə təşkil olunan “Türk dünyasının macar alimi” adlı sərgiyə baxıb.

Akademiyanın prezidenti Darxan Kıdırəli 70 mindən çox əsərin toplandığı kitabxananın əhəmiyyətli bir hissəsinin məhz K.Mandokinin zəngin şəxsi kitabxanasının nadir nümunələrindən təşkil olunduğunu bildirib. O, təşkilatın layihələri haqqında qonaqlara geniş məlumat verib, Macarıstanın Türk Akademiyasının müşahidəçi üzvü kimi aktivliyindən razılıq ifadə edib.

Peter Siyarto görülən işlərə görə Beynəlxalq Türk Akademiyasına təşəkkür edib və Türk Kitabxanasına macar dilində kitablar bağışlayıb.

Görüş zamanı Beynəlxalq Türk Akademiyasının Macarıstanla bağlı hazırladığı nəşrlərin, o cümlədən əfsanəvi Hun hökmdarı Atilla haqqında “Avropanın Kralı Atilla” adlı kitabın təqdimatı olub. Akademiyanın dəstəyi ilə ingilis dilində nəşr olunan kitabın müəllifi tanınmış alim, Macarıstanın Monqolustandakı səfiri Borbala Obruşanskidir. Həmçinin tanınmış qazax şairi Cambıl Cabayevin macar dilində ilk şeirlər toplusunun, Armin Vamberiyə həsr olunan “Türk dünyasının macar alimi” kitabçasının və  digər nəşrlərin təqdimatı da olub.

Macarıstanlı nazirə akademiyanın qızıl medalı təqdim edilib.

Xatırladaq ki, 2017-ci ildə Macarıstan Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv qəbul olunub.

Macarıstanın xarici ticarət və xarici işlər nazirinin Qazaxıstana səfəri gedişində iki ölkənin paytaxtları – Budapeşt və Nur-Sultan arasında birbaşa uçuşların bu ilin iyun ayında bərpası barədə razılıq da əldə olunub. Ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələr, Qazaxıstanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.