Türkiyənin İzmit şəhərindəki Romatem fizioterapiya xəstəxanasında (Romatem Kocaeli Fizik Tedavi Rehabilitasyon Hastanesi) müalicə olunan Azərbaycanın Vətən müharibəsi qaziləri üçün musiqi terapiyası seansı təşkil edilib.

Türkiyədə yaşayan həmyerlimiz, professor, musiqi terapiyası üzrə mütəxəssis Züleyxa Abdullayeva tərəfindən keçirilən seansın məqsədi qazilərin müalicəsini sürətləndirməkdir.

Züleyxa Abdullayeva yerli mediaya verdiyi müsahibədə bildirib ki, indiyədək bir çox yerlərdə, Avropada tətbiq etdiyi musiqi terapiyasını bu dəfə qazilərimiz üçün də təşkil edib: “Zərər görən bədən üzvləri musiqi terapiyası ilə daha tez sağala bilir. Musiqi terapiyası əyləncə deyil, o insanın duyğularını sinir sistemi ilə əlaqələndirə bilir. İnsan bədəninin 80 faizi sudur və biz musiqi tezlikləri vasitəsilə müalicəyə yardımçı ola bilirik. Hərtərəfli və sistemli müalicə ilə bu ağır xəstələrin sağalması, ayağa qalxıb vətənə dönmələri üçün əllərindən gələni əsirgəməyən həkim və tibb bacıları ilə yanaşı, mən də onları ziyarət edib, az da olsa, yaralarına məlhəm olmağa çalışdım”.

Xəstəxananın həkimi, fizioterapiya və reabilitasiya üzrə mütəxəssis, professor Esra Mustafa bildirib ki, hazırda qazilərin hər birinə fərqli müalicə üsulları tətbiq edilir. Musiqi terapiyası qazilərə qol və ayaqlardakı hərəkəti bərpa etməyə yardımçı olacaq. Çünki musiqi terapiyası beyində ölən hüceyrələrin əvəzinə funksional hüceyrələr yaratmaq imkanına malikdir.

LALƏ