Aprelin 14-də Azərbaycanda müqəddəs Ramazan ayı (Hicri-qəməri təqvimi üzrə 1442-ci ilin doqquzuncu ayı) başlanır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası fətva qəbul edib.

Fətvada Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu il Ramazan ayının başlanması ilə əlaqədar QMİ-nin sorğusuna cavabı diqqətə çatdırılır.  Rəsədxananın məlumatında bildirilir ki, bu il üfüqümüzdə Hilal (təzə Ay) aprelin 13-ü Şam namazı ərəfəsində göründüyünə görə Ramazan ayının 1-i Miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.

 “Müqəddəs Kitabımız Qurani-Şərifdə Allah-Təala bizlərə buyurur: “Sizlərdən (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar...” (Bəqərə,185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik” – deyə fətvada bildirilir.

Vurğulanır ki, bu il Ramazan ayına qalib xalq, 30 illik işğala son qoymuş Vətən müharibəsində Zəfər çalmış millət kimi qədəm qoyuruq. Bizə bu səadəti yaşatdığına görə Azərbaycan dindarları Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəyliyinə, dövlət-xalq birliyinə güvənən müzəffər Ali Baş Komandan İlham Əliyevə hər zaman dualar edir, qələbələrimiz üçün Uca Allaha həmd-sənalar edirlər: “Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizə Allah-Təaladan rəhmət, qazilərimizə şəfa diləyirik. Ərazi bütövlüyümüzün bərpa edilməsi, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsi, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraitinin qurulması və vandalizmə məruz qalmış dini məbədlərin, o cümlədən, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə müzəffər dövlət liderimiz Zati-aliləri Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir və onlar üçün xeyir-dualar edirik”.

Fətvada builki Ramazan ayının da dünyada hələ səngiməyən virus təhlükəsi şəraitində başladığı qeyd olunur: “İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir”.

QMİ Qazılar Şurası yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırır: “Bəzi hədisi-şəriflərdə qeyd olunur ki, Allah orucu zənginlər imkansızların halından xəbərdar olsunlar deyə vacib buyurulub. Orucluqda iftar süfrələri açmağı niyyət etmiş şəxslərin bunun əvəzinə yardım etməsi, həmin vəsaitin imkansız və ehtiyacı olan insanlara xeyriyyə məqsədi ilə sərf edilməsi daha məqbul və savab olub, orucun fəlsəfəsinə uyğundur”.

Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Uca Allaha təvəkkül edərək özümüzü, yaxınlarımızı qorumalı, əməl, dua və ibadətlərimizlə salamatlığın bərqərar olmasına nail olmalıyıq.

Həmçinin bildirilir ki, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Təqvim idarəin internet saytında (www.qafqazislam.com) yerləşdirilib: “Digər mənbələrdən daxil olan, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur”.

Fətvada qeyd olunur ki, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək. Qazılar Şurası xalqımıza tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.