Mədəniyyət naziri Anar Kərimov aprelin 13-də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Səfiri salamlayan Anar Kərimov iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açaraq, Erkan Özoralın diplomat kimi bu prosesdə fəaliyyətini xüsusi vurğulayıb. 

Tarixi Zəfərlə nəticələnən Vətən müharibəsində Türkiyənin ölkəmizlə həmrəyliyini diqqətə çatdıran nazir Azərbaycanın haqq işinə Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib.

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda qardaş ölkəyə səfərini xatırladan Anar Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsi aparılmasının önəmini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində əldə olunan Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində Türkiyə ilə işbirliyi böyük əhəmiyyət kəsb edir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Erkan Özoral diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində uğurlu inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan üçün çox önəmli bir dövrdə burada səfir qismində çalışdığını, ölkəmizin tarixi Zəfərinə şahidlik etdiyini deyib.

Azərbaycanın apardığı mübarizəyə Türkiyənin ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirən diplomat bunu ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin təzahürü kimi qiymətləndirib.

Erkan Özoral bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasında əlaqələrin inkişafında fəal iştirak edəcəyini qeyd edib.

Sonda nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan Erkan Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb.