Ali məktəblərə qəbulun birinci mərhələsi

Aprelin 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 11 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Qeyd edək ki, buraxılış imtahanları (ana dili, riyaziyyat, ingilis dili) eyni zamanda məktəblərə qəbulun birinci mərhələsi sayılır.

DİM-dən bildiriblər ki, imtahanlarda 8124 şagirdi əhatə edən ilk imtahan günü şəhər və rayonlarda ümumilikdə 36 imtahan binası, 634 imtahan zalı ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilib.

İlkin məlumatlara əsasən, 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Tələb olunan sənədləri qaydasında olmayan şagirdlər də olub. DİM bir daha şagirdlərə müraciət edir ki, imtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayanlar isə təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayışı) gətirməyi unutmasınlar.

Aprelin 16-da Bakının dörd rayonu da daxil olmaqla daha 14 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək. 11 illik təhsil üzrə buraxılış imtahanları digər şəhər və rayonlarda 22-23 aprel və 29-30 aprel tarixlərinə nəzərdə tutulub.