18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “açıq qapı” günü təşkil olunacaq.
Qoruğun direktoru Zahir Kərimov bildirib ki, həmin gün ziyarətçilər üçün ödənişsiz olaraq Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstəriləcək. Ziyarətçilər qoruğun tarixi məkanları – qədim şəhər yeri, Səlbir və Qala ərazilərinə, həmçinin arxeoloji qazıntı işləri aparılmış yerlərə baxacaq, Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan eksponatlarla tanış olacaqlar. Qoruq ərazisində yaradılmış xüsusi yerlərdə ziyarətçilərə dulusçuluq, oymaçılıq, arıçılıq peşələri barədə məlumat veriləcək, yerli sənətkarların gil və ağac materiallarından hazırladığı əşyalar nümayiş etdiriləcək.
Qəbələ Arxeoloji Mərkəzində 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar dahi şairin həyat və yaradıcılığına aid nəşrlər, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitablar da sərgilənəcək.