Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva aprelin 14-də Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas ilə görüşüb.

Görüşdə türkdilli xalqların mədəni irsinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrdən, pandemiya şəraiti nəzərə alınmaqla təşkil edilmiş konfrans və digər tədbirlərdən bəhs edən G.Əfəndiyeva bu ilin fevral ayında Fond ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında imzalanan memorandumdan söz açıb.  Litvada yaşayan türk etnik kökənli azsaylı xalqların – tatarların və karaimlərin tarix və mədəniyyətinin qorunması və türk dünyasının zəngin irsinin daha geniş şəkildə tanıdılması məqsədi daşıyan memorandumun əhəmiyyəti vurğulanıb.

Səfir Eqidius Navikas öz növbəsində memorandumun imzalanmasından məmnunluq duyduğunu vurğulayaraq Litva ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təmsil olunan ölkələr arasında qarşılıqlı mədəni əlaqələrin olduğunu qeyd edib. Diplomat Litvada yaşayan azsaylı türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsinə, araşdırılmasına diqqətlə yanaşıldığını bildirib.

E.Navikas həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.