Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Layihə ilk olaraq Balaxanı qəsəbəsində həyata keçirildi. Sonra Bibiheybət qəsəbəsində layihənin icrasına başlanıldı. Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.
Aprelin 16-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Pirşağı qəsəbəsində bu layihə üzrə yenidənqurma tədbirlərinə start verilib.
Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.
Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.
Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.
“Bakı Abadlıq Xidməti” MMC-nin müdiri Bünyad Qasımov məlumat verib ki, 50 min üzüm tingi o cümlədən Pirşağının məşhur ağ şanı və qara şanı sortları əkilib.
Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Bu hamam XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanıyır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış olublar.
Dövlətimizin başçısı və birinci xanım qəsəbədə ağac əkiblər.
Prezident İlham Əliyev Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlini qoyub.
Qeyd edək ki, bu Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür.
Pirşağı qəsəbəsində yenidənqurma işlərinin layihəsindən danışan Bünyad Qasımov bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə müsabiqə elan etdik. Bu qəsəbədə yenidənqurma tədbirlərinin konseptual layihəsini hazırlamaq üçün 20-dən artıq iş topladıq. Sözsüz ki, qəsəbənin öz xüsusiyyətlərini, buranın ab-havasını, Abşeronun mədəniyyətini və digər amilləri nəzərə alacağıq.