Bakı Dövlət Sirkində “Dünya sirk günü” ilə bağlı görüş keçirilib. Görüşdə Azərbaycan sirk sənətinin tanınmış ustaları və Bakı Dövlət Sirki orkestrinin üzvləri iştirak ediblər.

Hər il aprel ayının üçüncü şənbə günü dünyada “Beynəlxalq sirk günü” kimi qeyd edilir. Əlamətdar gün 2009-cu ildə Avropa Sirk Assosiasiyası və Dünya Sirk Federasiyasının təşəbbüsü ilə təsis edilib. Bir çox ölkələrdə qeyd olunun bu günün məqsədi dünya mədəniyyətində sirk sənətinin yerini, bu sənətin mədəni irsə töhfələrini diqqətə çatdırmaqdır. Müasir dünyada sirk sənəti ölkələrin milli mədəniyyətinin mühüm bir hissəsini təşkil edir.

Bir sıra ölkələrin sirkləri isə konkret ölkə sərhədlərini aşaraq, dünya mədəniyyəti nümunəsi səviyyəsinə çatıb. Bu ölkələrdə sirk sənəti özünəməxsus, milli çalarlara malik olsa da, klassik sirk ənənələrini də saxlayıb.

Azərbaycanda da sirk sənətinin zəngin tarixi var. Ölkəmizdə bu sənətin ənənələri hələ qədim meydan tamaşalarında təşəkkül tapsa da, peşəkar sirk sənəti milli mədəniyyət nümunəsi olaraq 80 ilə yaxın tarixə malikdir. 1945-ci ildə Bakıda Azərbaycanın milli sirk truppası yaradılıb, 1946-cı il iyunun 12-də Azərbaycanın peşəkar sirk artistlərindən ibarət ilk milli sirk tamaşası – “Azərbaycan toyu” adlı proqram nümayiş olunub.

Qeyd edək ki, “Dünya sirk günü”nün keçirilməsini dəstəkləyən təşkilatlardan biri də Bakı Dövlət Sirki olub. Təəssüf ki, pandemiya səbəbindən artıq ikinci ildir bu gün faktiki qeyd olunmur və Bakı maneji də sirk tamaşalarına həsrətdir.

Azərbaycan sirkinin korifeylərinin iştirak etdiyi görüşdə ölkəmizdə sirk tarixi, əldə edilmiş nailiyyətlər və Azərbaycan sirkinin müasir çağırışlara uyğun yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə sirk sənətinin inkişafı istiqamətində geniş tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd milli ənənələrlə müasirliyin sintezi əsasında müasir sirkin təşkilidir.

Məqsədimiz dünyada yeni yaranan tendensiyalara cavab verməkdir

Qeyd edək ki, 1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binasının istifadəyə verilməsi müxtəlif ölkələrdən gələn truppaların rəngarəng sirk proqramlarının nümayişinə şərait yaratmaqla yanaşı, milli sirk sənətinin inkişafı üçün də töhfə olub. Həmin dövr üçün Bakı Dövlət Sirkinin binası həm texniki imkanlarına, həm də memarlıq baxımından əksər dünya sirkləri ilə rəqabət aparmağa qadir idi.

Bu fikri Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov  AZƏRTAC-ın əməkdaşı ilə söhbətində deyib.

“Bakı sirki paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları mədəni məkanlardandır. İndi müasir sirk tamaşalarının səs, işıq tərtibatı prinsipləri, tamaşaların quruluşuna olan estetik tələblər də əsaslı şəkildə dəyişib. Bu çatışmazlığı aradan qaldırmaq üçün sirkdə icarəyə götürməklə müxtəlif əlavə səs avadanlığından, effektli işıq-lazer sistemlərindən, müxtəlif müasir qurğulardan istifadə olunur. Ancaq bina kənardan nə qədər orijinal görünsə də, əsaslı şəkildə təmirə ehtiyacı var. O cümlədən müasir havalandırma və istilik sistemi qurulmalıdır. Son illər ölkəmizdə bir çox mədəniyyət müəssisələri ən müasir tələblərə uyğun olaraq təmir edilir və ya yenidən qurulur. Bu mənada möhtəşəm memarlıq nümunəsi olan Bakı Dövlət Sirkinin funksional xüsusiyyətlərinin genişləndirilməsi, müasir vasitələrlə təchiz olunması, təbii ki, Azərbaycanda milli sirk sənətinin inkişafına öz təsirini göstərəcək”, – deyə Elmir Hüseynov  bildirib. 

Direktor qeyd edib ki, biz sirkə yeni nəfəs gətirmək niyyətindəyik. Avropanın əksər ölkələrində heyvanlar daha sirkdə iştirak etmir. Heyvanlardan sirk nömrələri üçün istifadə etmək cəmiyyət tərəfindən qəbul olunmur: “Hazırda dünyada yeni növ sirk yaranıb ki, bizim tutduğumuz istiqamət də belə tendensiyalara cavab verməkdir. Bu gün dünya sirklərində yeni trendlər mövcuddur. Kanadanın “Dyu Soley” sirki müxtəlif ölkələrdə nümayəndəlikləri olduğundan öz tamaşaları ilə bütün dünyanı dolaşır. Sirkin əyləncəli tamaşaları şou ilə zəngin, dramaturji yüklə özəlliklərə malikdir. Dünyaca məşhur olan digər sirk – Amerikanın “Böyük alma”sı klassik sirk tamaşaları çərçivəsində fəaliyyət göstərir. Onun hər bir tamaşası teatr quruluşuna malikdir. Avstriyanın nisbətən cavan, lakin dünya şöhrətli “Oz” sirki akrobatik nömrələri, müasir musiqi və teatr quruluşunun uğurlu sintez nümunəsi hesab edilir. İstəyirik, sirkimiz də digər sirklərdən milli koloritinə görə seçilsin. Biz milli ənənələrimizi müasir sintezdə yaratmaq niyyətindəyik”.

Direktorun sözlərinə görə, bunun üçün Azərbaycan sirkinin milli truppa ənənələri bərpa olunmalı və milli sirk nümunələri yaradılmalıdır: “Əlbəttə, tamaşalarımızı kəndirbazlar, pəhləvanlar müşayiət edəcək, sirkin öz orkestri olacaq. Bizim fikrimiz indi sirkin kollektivini formalaşdırmaqdır. Artıq iş strukturumuz təsdiq olunub, inzibati heyəti kiçiltmişik, yaradıcı heyətin sayını artırmışıq, orkestr yaratmışıq. Janrlar üzrə artistlər də bəllidir. Burada illüziya, akrobatika, hava və parter gimnastikası, jonqlyorluq, bir sözlə, janrın bütün növləri olacaq.

Klounlar müasir sirk proqramlarının ayrılmaz və əvəzolunmaz hissəsidir. Onlar proqramlar arasında tamaşaçıları maraqlı səhnələrlə əyləndirir, fasiləni daha da maraqlı edirlər. Digər tərəfdən, tamaşaçıların daim dəyişən zövqünü oxşamaq üçün müasir sirklər repertuarın janr müxtəlifliyini genişləndirir və mütəmadi olaraq yeni proqramlar hazırlayır. Bu səbəbdən janrlardan proqramda istifadə olunması dövrün tələbidir”.

Elmir Hüseynov bildirib ki, pandemiya şəraitində kütləvi tədbirlərə qadağalar qoyulduğundan sirkdə heç bir tamaşa təşkil olunmur. Amma postpandemiya dövrü üçün artıq hazırlıq görülür. Bakı Dövlət Sirki həmçinin paytaxtın və bölgələrin idman-konsert salonlarında konsert proqramları, səhnələşdirilmiş küçə paradları təşkil etmək fikrindədir.