Türkiyə Foto Jurnalistləri Dərnəyinin media nümayəndələri üçün ənənəvi olaraq təşkil etdiyi müsabiqə başa çatıb və 2021-ci ilin mükafatçıları bəlli olub.

Builki müsabiqəyə 5 mindən çox foto təqdim olunub. Azərbaycan üzrə 4 foto və 1 fotosessiya olmaqla beş əsər mükafat qazanıb.

Qeyd edək ki, bu il ilk dəfə müsabiqədə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Toplumlar Başqanlığının (YTB) dəstəyi ilə xüsusi mükafat da təqdim olunub.  Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin “Sabah” qəzetinin fotomüxbiri Uğur Yıldırım Azərbaycanın Vətən müharibəsində Qarabağın ürəyi – Şuşa şəhərinin azad edilməsi xəbərinin bir gəncdə yaratdığı sevinc hisslərini fotoobyektivdə əks edərək müsabiqəyə təqdim edib və YTB-nin ilk dəfə verdiyi xüsusi mükafata layiq görülüb.

Məlumatda mükafatı qardaş ölkədə “sevincli və həyəcanlı görüntüləri əks etdirən foto”nun qazandığı vurğulanır. Qeyd olunur ki,  Azərbaycan tarixinin və mədəniyyətinin simvollarından biri olan Şuşanın 28 il davam edən işğaldan sonra – 8 noyabr 2020-ci il tarixində azad edilməsi böyük sevinclə qarşılanıb.

Türkiyə Foto Jurnalistləri Dərnəyinin sədri Coşkun Aral bildirib ki, dünya mediasının Qarabağ hadisələrinə biganə qaldığı bir zamanda münsiflər heyətinin dəyərləndirmələri nəticəsində “Şuşa sevgisi” fotoşəklinin 2021-ci ilin fotoşəkli elan edilməsi Azərbaycan xalqının haqlı mübarizəsinə verilən diqqəti ifadə edir.

Müsabiqədə “Sabah” qəzetinin fotomüxbiri Uğur Yıldırımın Azərbaycanda çəkdiyi fotolar daha iki mükafata – Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində bir qohumunun ölüm xəbərini alan qadının ağrı-acısını əks etdirən fotoşəkil “İlin mətbuat fotosu”, 44 günlük Vətən savaşı zamanı, çəkdiyi şəkillərdən ibarət fotosessiya isə “İlin fotoreportajı” mükafatlarına layiq görülüb.

Mehparə SULTANOVA
Ankara