Qədim dövrlərdən türk xalqlarının məişət həyatında toxuculuq və xalçaçılıq geniş yer tutmuşdur. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl bu sənətlə məşğul olduğunu sübut etmişdir. Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyətimizin rəmzinə çevrilmişdir.
XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilmiş və tədricən Şərq ölkələrinə yayılmış, əllə toxunan, konkret süjetli birüzlü xalçalar qobelen və ya şpalera adlanır. Dünyada məşhur olan bu əl işləri o dövrlərdə türk xalqlarının da çox işlətdiyi məişət əşyası olmuşdur. Varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən tətbiqi sənət nümunəsi kübarlığın rəmzi sayılırdı.
Qobelen xovsuz xalça olaraq ayrıca dekorativ sənət növü kimi tanınmaqdadır. Hazırlanma texnikasının əsasını fikir, ideya və öncədən çəkilmiş eskiz təşkil edir. Dünyada geniş yayılmış qobelen sənəti Azərbaycanda qədim xalq mədəniyyətinə aid süjetli xalça sənəti sayılır. Bu sənətin ənənələrini öz yaradıcılığında yaşadan və inkişaf etdirən xalçaçı-rəssam Adil Həmdulla oğlu Şıxəliyev 12 aprel 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rəssamın qobelen sənətinə vurğunluğu təhsil illərindən sonra başlamışdır. Adil Şıxəliyevin xalça, palaz, kilim, zili və s. toxuma texnikalarını mükəmməl bilməsi orijinal əsərlər yaratmasına vəsilə olmuşdur. Rəssam milli ruhlu qobelen yaratmaq üçün ənənəvi naxışlardan və ornamentlərdən istifadə etmişdir. Yaradıcılığının əsasını müxtəlif mövzu və texnikalara məxsus qobelenlər təşkil edir. Onun toxuduğu portretlər olduqca real və cəlbedicidir. Adil Şıxəliyevin qobelenlərinin əlvan və göz alıcı rənglərinin sirri dərman bitkilərindən aldığı, təbii və uzunömürlü boyaqlarla boyadığı iplərdir. Rəssamın ideyadan toxunmasına qədər olan uzun, zəhmətli prosesi özünün icra etməsi qobelenləri dəyərli və eyni zamanda əvəzolunmaz edir.
Rəssam xalqımızın başına gələn faciələri də əsərlərində özünəməxsus şəkildə əks etdirməyi özünə borc bilmişdir. Xocalı faciəsinə həsr etdiyi “Fəryad”, eləcə də “20 Yanvar soyqırımı”, “20 Yanvar”, “Mələklərin fəryadı” və s. əsərlərdə dəhşətli faciəni təsirli şəkildə əks etdirməyə nail olmuşdur. 1918-ci il Quba qırğınına həsr edilən “Mələklərin fəryadı” əsərində alovlardan yüksələn tüstü vasitəsilə, bədənləri tərk edən ruhların obrazlı, ifadəli təsviri verilmişdir. Qobelendəki kəllə sümüklərinin hər biri ruhu cismindən ayrılan “qurban”ı əks etdirir.
Adil Şıxəliyevin yaradıcılığında Abşeron, Xəzər və s. mövzular geniş yer almaqdadır. Rəssamın müxtəlif mövzulu əsərlərindən “Məhsul bayramı”, “Şahmat aləmi”, “Kosmos sülh naminə”, “Odlar yurdu”, “Şum”, “Qobustan ritmləri”, “Şuşadan məktub”, “Həyat”, “Türkün pəncərəsi”, “Xarı bülbül”, “Xəzərin səsi”, “Vətənim mənim”, “Qoç”, “Günəbaxanlar”, “Bakı”, “Heyratı döyüşü”, “Kəsilmiş həyat”, “Bahar”, “Zanbaqlar”, “Payız incisi”, “Səhər nəğməsi” və s. qobelenləri qeyd etmək olar.
Onun məşhur kompozisiyalarından biri “Köç” adlanır. Bu əsərdə əsas ideya nəsildən-nəslə ötürülən mədəni irsimizin atributlarının, elementlərinin öz əksini tapmasıdır. Rəssam qobelendə öküz fiquru milli naxış, ornament, musiqi alətləri və xalqımızı vəsf edən müxtəlif informasiya ilə birlikdə təqdim etmişdir. “Lalələr”, “Zanbaqlar”, “Xarı bülbül” və s. əsərlərdə təbiət təsvirləri rəng çalarlarının əlvanlığı, lirik duyğuları ilə göz oxşayandır.
Adil Şıxəliyev Azərbaycanın qobelen sənətini inkişaf etdirən və dünyada tanıdan sənətkarlarındandır. Rəssam biennalelərdə, yerli və xarici sərgilərdə dəfələrlə uğurla iştirak etmişdir. Çində keçirilən “İpək Yolu və dünya sivilizasiyası” adlı VII Beynəlxalq Biennaledə ölkəmizi “İpək Yolu” əsəri ilə təmsil etmişdir. 2016-cı ildə 70 illik yubileyinə həsr olunmuş sərgi ilə yaradıcılığının bənzərsiz nümunələrini izləyiciləri ilə bölüşmüşdür. Onun qobelenləri Azərbaycanın bir sıra muzey və qalereyalarında qorunub saxlanılır. 75 yaşı tamam olan rəssam ömrünü həsr etdiyi qobelen sənətinə, ümumilikdə xalçaçılıq sənətimizə və mədəni irsimizə bu gün də töhfələr verir.
Şəbnəm ƏZİZOVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı