Aprelin 21-də Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub.

Görüşdə dünya şöhrətli yazıçı Karlos Fuentesin Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilində nəşr edilmiş “Seçilmiş əsərləri”nin Meksika ədəbiyyatının ölkəmizdə tanıdılmasına əlamətdar töhfə olduğu vurğulanıb. Kitabın yaxın günlərdə Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət diplomatiyası” vebsaytı vasitəsilə onlayn videokonfrans – təqdimatının keçiriləcəyi bildirilib.

Səfir Xuan Rodriqo Labardini Flores deyib: “Azərbaycanda Meksika ədəbiyyatına verilən dəyər, tanınmış Meksika yazıçılarının əsərlərinin belə yüksək səviyyədə nəşri bizi, sözün əsl mənasında təsirləndirir. Dövlət Tərcümə Mərkəzinin yaxın günlərdə ərsəyə gətirdiyi bu son nəşr isə mənim özümü də Karlos Fuentesin kitabda yer almış “Artemio Krusun ölümü” və “Aura” romanlarını yenidən oxumağa vadar etdi”.

Daha sonra səfir Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində tanıdılması istiqamətində Nikaraquanın “Karatula” (Carátula), Venesuelanın “Poeziya” (Poesía) jurnallarının, eləcə də Meksika Milli Universitetinin (Universidad Nacional Mexico (UNAM) “Poeziya” (Poesía) qəzetinin Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu bildirib.