“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal turizm böhranı və davamlı turizmin yenidən qurulması” mövzusunda onlayn görüş keçirilib.

İdarədən bildirilib ki, görüşün moderatoru qurumun nəzdində fəaliyyət göstərən Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva olub. Görüşdə həmçinin İçərişəhərdə turizmin inkişafı üçün görülən işlər barədə şöbənin bələdçisi Səidə Rəşidli tərəfindən təqdimat edilib.

Təşkilata üzv ölkələrin (Azərbaycan, Latviya, Slovakiya, Çexiya, Rusiya, Polşa, Yunanıstan) nümayəndələri turizm sektorunda qarşılaşdıqları problemlər və onların həlli istiqamətində fikirlərini bölüşüblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlığın nümunəsi olaraq İçərişəhər 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın 46-cı toplantısına ev sahibliyi edib.