Mayın 6-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Muzeyin əməkdaşı Ümidə Hacıyeva müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şərəfli ömür yolundan, vətənimiz və xalqımız qarşısında tarixi xidmətlərindən danışıb.
Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin beynəlxalq arenada nüfuzu artıb, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi siyasi uzaqgörənliklə idarə edir, onun rəhbərliyi altında respublikamız böyük nailiyyətlərə imza atır.
Tədbirdə ümummilli liderin həyatı, dövlətçilik fəaliyyəti, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə görüşləri və müxtəlif tədbirlərdə iştirakından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin şagirdləri Vaqif Məmmədov klarnetdə Sevil Əliyevanın “Ana”, Arif Məlikovun “Noktürn” əsərlərini, Natəvan Əliyeva fleytada Lüdviq van Bethovenin “Səadət odası”nı ifa ediblər. Fatimə Vəliyevanın pianoda müşayiəti altında Bakı Musiqi Akademiyasının tələbəsi Sübhan Rüstəmov Üzeyir Hacıbəylinin “Sevgili canan” və “Sənsiz” qəzəl-romanslarını, Səid Rüstəmovun “Getmə”, Vasif Adıgözəlovun “Qərənfil” mahnılarını səsləndirib.
Tədbir COVİD-19 pandemiyası səbəbindən məhdud sayda auditoriya ilə müvafiq qaydalara riayət olunmaqla keçirilib.