Londonda rəssam Aydan Salahovanın sərgisi
Britaniya paytaxtındakı “Gazelli Art” qalereyasında azərbaycanlı rəssam Aydan Salahovanın “The Dust Became the Breath” (“Toz nəfəs oldu”) adlı incəsənət sərgisi açılıb.
Açılış mərasimində qalereyanın direktoru Mila Əsgərova Londonda Azərbaycandan olan sənətkarların əsərlərinin sərgiləndiyi belə bir platformanın olmasının və ölkəmizin Britaniyada tanıdılmasının əhəmiyyətindən bəhs edib.
Kurator Fərəh Piriyeva sərginin adının Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən qaynaqlandığını qeyd edib: “Əxlaqi və mənəvi dəyərlərə yönəlmiş etik-fəlsəfi poemada tozlar keçmişimizin ruhlarına bənzədilir. Bu sərgi də bizim şəxsi və kollektiv təcrübələrimizə nəzər salır, indiki kimliyimizi araşdırmaq üçün tariximizin çətin tərəfləri ilə üzləşir”.
Britaniyada pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən rəssam Aydan Salahova sərgiyə qatıla bilməsə də, Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, Londonda yaşayan azərbaycanlı və əcnəbi sənətsevərlər açılışda iştirak ediblər.
Sərgi 6 iyun tarixinədək davam edəcək.
Xatırladaq ki, Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun qızı Aydan Salahova Moskvada yaşayır. O, 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından olan “Aydan” qalereyasını açıb. Rəssamın əsərləri Dövlət Tretyakov Qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır.
LALƏ