Misirin “Aldiplomacy” informasiya portalı “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəniyyət abidələrini bərpa etməklə Ermənistanın cinayətlərinin nəticələrini aradan qaldıracaq” sərlövhəli məqalə yayımlayıb.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşada aparılan bərpa işləri ilə bağlı Ermənistan XİN-in bəyanatına cavabına istinadla qeyd olunur ki, 30 ilə yaxın işğal altında qalmış bu torpaqlarda hazırda geniş yenidənqurma işləri həyata keçirilir, o cümlədən yerlə-yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur.

Bildirilir ki, Şuşa şəhərində həyata keçirilən quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi erməni vandalizminin qurbanına çevrilib.