Mayın 7-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində antifaşist Müqavimət hərəkatının iştirakçısı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən bildiriblər ki, tədbirdə nazirliyin nümayəndələri, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Fransanın “Fransa Xatirələri” Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Aleksandr Vattin, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov və Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov çıxış ediblər.

Çıxış edənlər Əhmədiyyə Cəbrayılovun həyat yolu, onun İkinci Dünya müharibəsində antifaşist Müqavimət hərəkatında göstərdiyi qəhrəmanlıq və Azərbaycan-Fransa əlaqələrinə verdiyi töhfədən bəhs ediblər.

“Fransa Xatirələri” Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Aleksandr Vattin İkinci Dünya müharibəsindən sonra Əhmədiyyə Cəbrayılovun təltif olunduğu, lakin sağlığında ona verilməyən orden və medalları onun ev-muzeyində saxlanması üçün oğlu Cavanşir Cəbrayılova təqdim edib.

Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsi tərəfindən nəşr edilmiş “Əhmədiyyə Cəbrayılov 100” kitab tədbir iştirakçılarına təqdim olunub.

Sonda iştirakçılar Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna dair fotomateriallardan hazırlanmış sərgiyə baxıblar.